Sizin Reklam Burada
xxx

21.09.17 - Baxış sayı - 193
Mehdi Abbasov haqqinda

Mehdi Abbasov 1960-cı il 1 yanvar tarixində Qərbi Azərbaycanın (Ermənistan) Amasiya rayonunun Yeniyol kəndində anadan olmuşdur. Ailəsi erməni millətçilərinin təzyiqi altında ata-baba ocağını tərk edib Qazaxıstana üz tutanda Mehdinin 11 yaşı var idi. Onlar Qazaxıstanın Tülkübas kəndinin Kulan kəndində məskunlaşmışlar. 1980-cı ildə Mehdi sənədlərini Çimkənd Pedaqoji İnstitutunun hazırlıq şöbəsinə təqdim etmişdir. Bir ildən sonra isə Karakanda Pedaqoji İnstitutuna daxil olur. O, 1985-ci ildə həmin ali məktəbi bitirərək ibtidai hərbi hazırlıq və bədən tərbiyəsi müəllimi ixtisasına yiyələndi. O, təyinatla Tülkübas rayonunun Miçurin kəndindəki məktəbə göndərildi. Klassik güləş üzrə idman normasını yerinə yetirən Mehdi "SSRİ idman ustası" adını aldı. O, 1989- cu ilin noyabr ayında Qazaxıstan KP Tülkübas Rayon Komitəsinin qərarı ilə daxili işlər orqanlarında işləməyə göndərildi. 1989-1990-cı illərdə SSRİ DİN-nin Stavropol ali kurslarının müdavimi olur, sonra Enbəyşin Rayon Daxili İşlər Şöbəsində sahə müvəkkili vəzifəsində xidmətini davam etdirir. Azərbaycanın başı üzərini qara buludlar alanda Mehdi öz soydaşlarının köməyinə gəlməyi qərara aldı. Mehdi 1991-ci il 28 iyun tarixində Azərbaycan Respublikaası DİN-nin sərəncamına göndərildi. O, burada baş leytenant rütbəsində rota komandiri kimi DİN-nin XTMD-ndə xidmətə başladı.

Döyüşlərdə iştirakı

Abbasov Mehdi göstərdiyi şücaətə görə "Mixaylo" ləqəbini qazanmışdı. O 4 dəfə DİN-nin mükafatına layiq görülmüşdür. "Mixaylo"nun son döyüşü 13 yanvar 1992-ci ildə oldu. Məlikcan postu ətrafında qızğın döyüşlər gedirdi, Mehdi həmişə olduğu kimi ön sırada vuruşurdu. Bu döyüşdə snayper gülləsi onu başından ağır yaraladı. Döyüş dostu çətinliklə də olsa, onu təklükəli zonadan çıxara bildi, lakin elə həmin gün o əbədi olaraq gözlərini yumdu.

Ailəsi

Subay idi.

Milli Qəhrəman

Azərbaycan Respublikası prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə baş leytenant Abbasov Mehdi Yusif oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Bakıda Şəhidlər xiyabanında dəfn edilmişdir. İsmayıllı rayonunun keçmiş Ruşan kəndi indi cəsur döyüşçünün şərəfinə Mehdikənd adlanır. İsmayıllı rayonunun mərkəzi küçələrindən birinə onun adı verilmişdir.



2017 Azərbaycan Respublikası Maxe.az internet saytı. Müəllif hüquqları qorunur.