Sizin Reklam Burada
xxx

21.09.17 - Baxış sayı - 1 657
Əlif Hacıyev haqqinda

Əlif Hacıyev 1953-cü il iyunun 24-də Xocalı şəhərində doğulmuşdur. O, ailənin üçüncü övladı idi. Uşaqlıqdan çörək qazanardı və balıq tutardı.

1970-ci ildə məktəbi bitirərək, Xankəndi şəhərində sürücülük peşəsinə yiyələnmişdir. 1971-ci ildə ordu sıralarına çağırılmışdır. Hərbi xidməti Minsk şəhərində keçmişdir. 1973-cü ildə ordudan tərxis olunaraq, Xankəndi Avtonəqliyyat Müəssisəsində sürücü işləmişdir. 1974-1984-cü illərdə Belorusiya DİN-nin və Azərbaycan SSR DQMV-nin daxili işlər orqanlarında müxtəlif vəzifələrdə işləmişdir. 1976-cı ildə SSRİ DİN-nin Frunze adına Xüsusi Orta Milis Məktəbinə daxil olmuşdur.1979-cu ildə həmin məktəbi bitirmiş, 1981-ci ildən təhsilini SSRİ DİN-nin Akademiyasında davam etdirmişdir.

DQMV-də işləyərkən uzun müddət fəaliyyət göstərən gizli millətçi mərkəzi ifşa etməyə çalışmışdır. Buna görə də erməni millətçiləri onu saxta ittihamlarla günahlandıraraq, 10 il həbs cəzasına məhkum etmişdilər.Ermənilər onun sırıqlısının cibinə saxta pul qoyaraq, əməliyyat qrupu təşkil edib öz kabinetində həbs etdirdilər. Cəzasını çəkmək üçün Rusiyanın Nijni Tagil şəhərinə göndərilmişdir. 1987-ci ildə onun işinə yenidən baxılmış, 10 il həbs cəzası 6 ilə endirilmişdi. O, 1989-cu ilin fevral ayının 20-də azadlığa çıxdı.

Qarabağ müharibəsi və döyüşlərdə iştirakı

Hacıyev 1990-cı ildə Xocalıya qayıdır və Dağlıq Qarabağ üzrə Təşkilat Komitəsində, Qarabağa Xalq Yardımı Komitəsində fəaliyyət göstərərək erməni millətçilərinə qarşı mübarizəsini yenidən davam etdirir. O, 1990-cı ilin dekabr ayında daxili işlər orqanlarına yenidən bərpa olunur və Xocalı hava limanı xətt daxili işlər bölməsinə rəis təyin edilir. Eyni zamanda Xocalı hava limanının komendantı olur. Gördüyü işlərinə görə 1991-ci ilin dekabr ayında ona mayor rütbəsi verilir.

Xocalı hava limanının strateji əhəmiyyətini başa düşən ermənilər aeraportu zor gücü ilə ələ keçirməyə çalışırlar. Bunun üçün Xankəndindən içərisində 100-ə yaxın erməni döyüşçüsünün olduğu iki avtobus gəlir. Quldurlar aeraportu mühasirəyə alır və axşam saat 10-a kimi oranı boşaltmaq üçün azərbaycanlılara vaxt verirlər. O zaman Xocalı hava limanında növbədə cəmi 30-a yaxın əməkdaş var idi. Hava limanını əldən verməmək üçün Əlif Hacıyev zirək üsul işlədir. O, hava limanı binasındakı otaqların birində səsgücləndiricinin qarşısına keçir və əmr veririr ki, “filan batalyon filan cəbhəyə, filan batalyon filan cəbhəyə və s. keçsin”. Ermənilər elə başa düşür ki, burada azərbaycanlılardan ibarət böyük bir polk var. Buna görə də hava limanını tərk etmək məcburiyyətində qalırlar.

Ölümü

Xocalıya ədalət kampaniyasının Əlif Hacıyev haqqında plakatı


1992-ci ilin fevralın 25-də Əlif Hacıyev və onun dəstəsi səhər saat beşə qədər düşmənə ciddi müqavimət göstərdilər.[4] Amma döyüşlər qeyri-bərabər qüvvələr arasında gedirdi.[4] O, həmin gecə meşədə sakinləri yola salıb geri qayıdanda, balaca bir oğlan uşağına papağını hədiyyə edib.[2] Ona demişdi ki,


Qayıtsam, papağımı qaytararsan. Yox, əgər qayıtmasam, papağımı yadigar saxlayarsan.[2]

Əlif Hacıyev yenə gücünə, adamların etibarına və etimadına inanıb geri çəkilmədi. İlk növbədə dinc əhalini nisbətən təhlükəsiz yerə çatdırmağa cəhd göstərdi.[4] Qanlı döyüş gecəsində adamların bir hissəsini Ağdamın Şelli kəndinə çatdıra bildi.[4] Amma hələ də təhlükədə xeyli adam vardı və bu adamlar Əlif Hacıyevin yolunu gözləyirdi.[4] Belə məqamda Hacıyev bir an belə dinclik tapmırdı, qətiyyətlə yenidən geriyə döndü.[4] Avtomatın darağını dəyişərkən düşmən gülləsi Əlif Hacıyevin qəlbinə sancılır.[4]

Onun cəsədi Xocalıda 5 gün böyürtkən kolunun dibində qalmışdı.[2] Onun Nazim adında işçisi, Hacıyev vurulanda böyürtkən kolunun dibində onun yerini rahatlayıb, sırıqlısını da üstünə örtmüşdü.[2] Nazim oradan Əlif Hacıyevin cəsədini götürəndə ermənilərdən biri deyib ki: “Əgər bilsələr bu Əlifin meyididir, ermənilər onu sizə verməyəcəklər”. Ona görə də, Hacıyevin cəsədini maşında o biri meyidlərin altında gizlədib gətirmişdi.[2]

Bakının Şəhidlər xiyabanında dəfn edilmişdir.



2017 Azərbaycan Respublikası Maxe.az internet saytı. Müəllif hüquqları qorunur.