Sizin Reklam Burada
xxx

27.04.18 - Baxış sayı - 9 392
Məşhurların övladları: General Oruc Zalovun polkovnik oğlu - DOSYE
 

Azərbaycanda yüksək vəzifələr tutan məmurların, tanınmış simaların övladları ilə bağlı məlumatlar tez-tez media vasitəsilə gündəmə gəlir, kimisi haqda yaxşı sözlər danışılır, kimisi barədə isə əksinə...

Cəmiyyətin bütün təbəqələri kimi, vəzifəli şəxslərin, məşhurların övladları arasında nümunəvi davranışları ilə seçilənlər də var və təbii ki, bunun əksinə olanlar da...

Ümumiyyətlə məmurların və məşhurların övladları haqqında bilgilər ictimaiyyətə də həmişə maraqlı gəlib - onlar kimdirlər, harda çalışır, nə işlərlə məşğuldurlar...

Modern.az saytı “Məşhurların övladları” adlı rubrikasında ictimai, siyasi xadimlərin, mədəniyyət, ədəbiyyat, idman və digər sahələrdə tanınmış simaların övladları haqda bilgilərin təqdimatını davam etdirir.

Budəfəki təqdimatımız Azərbaycan daxili işlər nazirninin müavini Oruc Zalovun oğlu Rəşad Zalovbarəsindədir.

Oruc Zalovun daxili işlər nazirnin müavini postunda çalışmasının bu yaxınlarda 20 ili tamam oldu.

Daxili işlər nazirinin müavini, polis general-leytenantı Oruc Zalov 1952-ci ildə Naxçıvan şəhərində anadan olub. 1978-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsini, 1990-cı ildə  isə SSRİ DİN-in Volqoqrad Ali İstintaq Məktəbini bitirib. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçib. 1979-cu ildən daxili işlər orqanlarında xidmət edir.

1994-cü ildə Babək rayon Polis Şöbəsinin rəisi vəzifəsinə irəli çəkilib, 1995-1998-ci illərdə Azərbaycan Respublikası DİN-in Qərargah rəisi vəzifəsində xidmət edib.

Azərbaycan Prezidentinin 22 fevral 1998-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası daxili işlər nazirinin müavini təyin olunub.

30 dekabr  1999-cu ildə polis general-mayoru, 17 yanvar 2002-ci il tarixdə polis general-leytenantı ali xüsusi rütbəsi alıb.

Cinayətkarlığa qarşı mübarizə işinin təşkilinə görə müxtəlif mükafatlara layiq görülüb.
26 dekabr 1995-ci ildə “Azərbaycan Bayrağı”, 2014-cü ildə isə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordenləri ilə təltif olunub.

Ailəlidir. Üç övladı var.


Oruc Zalovun oğlu Rəşad Zalov hazırda Dövlət Gömrük Komitəsində yüksək vəzifə tutur.

Rəşad Zalov 8 mart 1980-ci ildə Naxçıvan şəhərində anadan olub.

1986-1996-cı illərdə orta məktəbi bitirib.

1996-cı ildə Türkiyə Respublikası Ankara Polis Akademiyasına qəbul olunub və 1997-ci ildən təhsilini Bakı Dövlət Universitetinin Hüquq fakültəsində davam etdirib.

2000-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirdikdən sonra Daxili İşlər orqanlarına işə qəbul olunub.

2000-2003-cü illərdə Nəsimi rayon Polis İdarəsində əməliyyat müvəkkili, Bakı Baş Polis İdarəsində əməliyyat müvəkkili, Bakı şəhər Dövlət Yol Polisi İdarəsində Yol Patrul Xidməti şöbəsində inspektor işləyib.


2003-cü ilin aprel ayından Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində müstəntiq, baş müstəntiq, 2009-cu ildən həmin idarənin rəis müavini vəzifələrində işləyib.

2015-ci ildə Bakı Baş Gömrük İdarəsinin gömrük rəsmiləşdirməsi şöbəsinin rəisi vəzifəsində çalışıb.


Dövlət Gömrük Komitəsi sədrinin 10 iyul 2017-ci il tarixli əmri ilə Rəşad Zalov komitənin İstintaq İdarəsinin rəisi vəzifəsinə təyin edilib. Rəşad Zalov gömrük xidməti polkovnikidir.

Ailəlidir, 2 övladı var.


R.Zalov 2018-ci ilin yanvarında “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.




2017 Azərbaycan Respublikası Maxe.az internet saytı. Müəllif hüquqları qorunur.